- Offside
- 19:41 12.10.2026
Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında milli komandanın çıxışını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, Əhməd Yusifovun mundialın ilk günündə qızıl medal qazanması və ertəsi gün Prezident İlham Əliyevin idmançı ilə görüşməsi digər cüdoçulara da böyük stimul verib.
Rəşad Rəsullu dövlət başçısının Azərbaycan idmanına, o cümlədən cüdoya göstərdiyi diqqət və qayğının, eləcə də mənəvi dəstəyin əldə olunan nəticələrdə mühüm rol oynadığını vurğulayıb.
ACF rəsmisi dünya çempionatına hazırlığın təxminən bir il davam etdiyini bildirib. Onun sözlərinə görə, yarışın yüksək səviyyədə təşkili Beynəlxalq Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və digər dövlət qurumlarının dəstəyi sayəsində mümkün olub.
“Bu, bir komanda işi idi və biz birlikdə bu işi ən yüksək səviyyədə görə bildik”, – deyə Rəsullu qeyd edib.
O, dünya çempionatında əldə olunan nəticələrin Azərbaycan cüdosu üçün tarixi əhəmiyyət daşıdığını bildirib:
“Azərbaycan cüdosunun tarixində bir sıra yeni rekordlara imza atılıb. Bir qızıl, iki gümüş, dörd bürünc medal və bir beşinci yer əldə etmişik. Səkkiz idmançımız final blokunda olub, yeddi çəki dərəcəsinin beşində medal qazanmışıq. İdmançılarımızdan beşi karyerasında ilk dəfə dünya çempionatının medalına sahib çıxıb. Bütün bunlar heyətimizin dərinliyini göstərir”.
Rəsullu xatırladıb ki, ACF 2021-ci ilin noyabrında fəaliyyətə başlayarkən əsas hədəflərdən biri bütün çəki dərəcələrində rəqabətədavamlı heyət formalaşdırmaq olub. Onun fikrincə, hazırda kişilərdən ibarət komandada bu məqsədə nail olmaq mümkündür.
Federasiya rəsmisi əldə olunan nəticələrin son nöqtə deyil, növbəti mərhələnin başlanğıcı olduğunu vurğulayıb. O bildirib ki, qarşıdakı əsas hədəf “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarıdır. Bununla yanaşı, Avropa və dünya çempionatları, eləcə də “Masters” turnirləri də diqqət mərkəzində olacaq.
Rəsullu idmançıların texniki hazırlığında, xüsusilə kumikata və ne-vaza elementlərində irəliləyişlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, dünya çempionatındakı nəticələr seçilmiş istiqamətin düzgün olduğunu göstərir.
ACF-nin icraçı vitse-prezidenti qadınlardan ibarət milli komandanın çıxışına da münasibət bildirib. O, nəticələrlə bağlı gözləntilərin yüksək olduğunu qəbul etsə də, idmançıların inkişafında müsbət dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb.
“İdmançılar artıq bir dəqiqəyə təslim olmurlar, sonadək mübarizə aparırlar. Komanda yarışında Avstriya kimi zəif olmayan yığmanı 4:0 hesabı ilə məğlub etdik. Yaponiya ilə görüşdə isə 70 kq çəki dərəcəsində idmançımız dünya çempionuna qarşı çox yaxşı mübarizə apardı. Halbuki əvvəllər bu, bizim üçün sadəcə arzu ola bilərdi. Bütün bunlar göstərir ki, qadınlardan ibarət komandamız da düzgün istiqamətdə irəliləyir. Sadəcə, bunun üçün daha çox vaxt lazımdır”, – deyə Rəsullu bildirib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatının fərdi yarışlarını rekord nəticə ilə – yeddi medalla başa vurublar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.