12 oktyabr 2026. Bazar ertəsi

“Doğma divarlar arasında möhtəşəm uğurlar əldə etdik”


  • Offside
  • 16:28 12.10.2026
  • Oxunma sayı: 41
“Doğma divarlar arasında möhtəşəm uğurlar əldə etdik”

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında milli komandanın çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, o, Azərbaycan xalqını təbrik edərək doğma divarlar arasında böyük uğurlar əldə olunduğunu bildirib.

“Vətəndə güləşmək bir tərəfdən rahat, digər tərəfdən isə çox çətindir. Rahatdır, çünki azarkeşlərimiz yanımızdadır. Çətinliyi isə ondadır ki, idmançılarda müəyyən narahatlıq yaranır. Onlar azarkeşləri və yaxınlarını tribunada görürlər, bu da müəyyən təzyiq yarada bilir”, – deyə Elnur Məmmədli qeyd edib.

ACF rəsmisinin sözlərinə görə, idmançılar, məşqçilər, həkimlər və federasiya nümayəndələri uğurlu nəticənin əldə olunması üçün əllərindən gələni ediblər.

“Bu gözəl nailiyyəti qazandıq. Uğurlarımızı davam etdirməliyik. Qarşıda Avropa və dünya çempionatları kimi mühüm yarışlar var. Artıq bu dünya çempionatı göstərdi ki, komandamız növbəti mundiala da hazırdır. Düşünürəm ki, bundan da yaxşı nəticələr əldə edəcəyik”, – deyə Məmmədli vurğulayıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatının fərdi yarışlarını rekord nəticə ilə – 7 medalla başa vurublar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.







Offside