12 oktyabr 2026. Bazar ertəsi

“Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var”


  • Offside
  • 16:39 12.10.2026
  • Oxunma sayı: 43
“Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var”

Azərbaycan cüdo millisinin baş məşqçisi Riçard Trautman Hidayət Heydərovun çəki dərəcəsini dəyişməsi ehtimalı barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, kişilərdən ibarət yığmanın baş məşqçisi və milli komandaların performans direktoru bu barədə Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Hidayət Heydərov çəki ilə bağlı ciddi çətinlik yaşayır və karyerasının növbəti mərhələsi üçün qərar verməlidir.

“Bu, əslində, bu gün onunla apardığımız müzakirənin bir hissəsi idi. O, ilk növbədə öz hədəfinin nə olduğunu müəyyənləşdirməlidir. Bizim fikrimizcə, onun əsas məqsədi Parisdəki uğurunu təkrarlamaq olmalıdır. Düşünürəm ki, özü də bunu istəyir. Bunun 73, yoxsa 81 kq çəki dərəcəsində baş verməsinin fərqi yoxdur. Bu, bizim deyil, onun qərar verməli olduğu məsələdir”, – deyə Trautman bildirib.

Mütəxəssis Heydərovun hansı çəki dərəcəsini seçməsindən asılı olmayaraq, ona dəstək göstəriləcəyini vurğulayıb. Onun sözlərinə görə, 81 kq-a keçid zamanı fiziki hazırlıq prosesinə xüsusi diqqət yetirilməlidir.

“Yaxşı cüdoçu olmaq o demək deyil ki, idmançı bir çəki dərəcəsində yaxşı, digərində isə zəif çıxış edir. Çəki dərəcəsini dəyişdikdə fiziki cəhətdən hazırlaşmaq lazımdır. Düzgün hazırlıqla daha yuxarı çəki dərəcəsində də uğur qazanmaq mümkündür. Niyə də olmasın? Onun qərar vermək üçün bir həftə vaxtı var. Bizim üçün nəticə önəmlidir, hansı çəki dərəcəsində mübarizə aparmasının fərqi yoxdur”, – deyə baş məşqçi qeyd edib.

Trautman Hidayət Heydərovun yüksək cüdo keyfiyyətlərinə malik olduğunu və 81 kq çəki dərəcəsində də böyük uğurlar qazana biləcəyini bildirib.

“Onun 81 kq çəki dərəcəsində də uğur qazanması, hətta Olimpiya çempionu olması mümkündür”, – deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatının fərdi yarışlarını rekord nəticə ilə – 7 medalla başa vurublar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.







Offside