12 oktyabr 2026. Bazar ertəsi

“Legioner adlandırılan idmançılar bizim yetirmələrimizdir”


  • Offside
  • 16:47 12.10.2026
  • Oxunma sayı: 28
“Legioner adlandırılan idmançılar bizim yetirmələrimizdir”

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu legioner adlandırılan bəzi cüdoçuların məhz Azərbaycanda yetişdiyini və onların bu cür təqdim edilməsinin düzgün olmadığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

Rəsullunun sözlərinə görə, həmin idmançıların heç biri komandaya hazır vəziyyətdə gəlməyib və onların əksəriyyəti Azərbaycana 14–17 yaşlarında cəlb olunub.

“Bunlar bizim yetirmələrimizdir, onları bu səviyyəyə biz çatdırmışıq. Onlar nə Rusiyanın, nə Gürcüstanın, nə də başqa ölkənin yetirmələridir. Bunlar bizim yetirmələrimizdir”, – deyə federasiya rəsmisi vurğulayıb.

O bildirib ki, legioner adlandırılan idmançılar sosial şəbəkələrdə bu cür fikirlərlə qarşılaşanda mənəvi baxımdan mənfi təsirə məruz qalırlar. Rəsullu qeyd edib ki, Azərbaycan bayrağı altında çıxış edən idmançıların hazırlanmasına böyük əmək sərf olunub.

ACF rəsmisi Səid Mollayi və İrina Kindzerskaya kimi idmançıların fərqli vəziyyətdə olduğunu söyləyib. Onun sözlərinə görə, bu idmançılar Azərbaycana artıq formalaşmış və hazır idmançılar kimi gəliblər.

Rəsullu qadınlardan ibarət milliyə yeni cəlb olunan Anna Zaytsevanı da nümunə göstərib. O vurğulayıb ki, Zaytseva da Azərbaycana hazır idmançı kimi gəlməyib və onun qarşıda inkişaf etməsi üçün görüləcək işlər var.

“Gələcəkdə böyük nailiyyətlər qazanarsa, bu, yenə də bizim cüdo sistemimizin, Azərbaycan cüdosunun uğuru olacaq”, – deyə o əlavə edib.

ACF-nin vitse-prezidenti Elnur Məmmədli də həmkarının fikirlərini dəstəkləyib. O bildirib ki, Azərbaycan bayrağı altında çıxış edən idmançılara onların hazırlıq prosesi nəzərə alınmaqla qiymət verilməlidir.

“Hazır idmançı gəlib medal qazanırsa, bu, elə təəssürat yarada bilər ki, sanki biz işləmirik, məşqçilərimiz çalışmırlar. Halbuki həmin idmançıların hazırlanması üçün çox böyük əziyyət çəkilib. Performans direktorumuz, məşqçilərimiz və digər mütəxəssislərimiz bu prosesdə iştirak ediblər. Doğrudan da, xüsusilə ağır çəkidə çox əziyyət çəkmişik”, – deyə Məmmədli qeyd edib.

Vitse-prezident legioner adlandırılan idmançılarla Azərbaycan cüdo ailəsinin münasibətlərinin səmimi olduğunu vurğulayaraq bu müzakirələrə son qoyulmasının vacibliyini bildirib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatının fərdi yarışlarını rekord nəticə ilə – 7 medalla başa vurublar.







Offside