- Offside
- 19:41 12.10.2026
Rusiyanın Vladiqafqaz şəhərində olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, oktyabrın 10-11-də təşkil olunan yarışda 16 yaşadək idmançılar mübarizə aparıblar. 15 ölkədən 300-dən çox yeniyetmə güləşçinin qatıldığı turnirdə Azərbaycan millisinin iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
U-15 millisinin böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında yarışan Avropa çempionu Elvin Necəfzadə 85 kq çəki dərəcəsində bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək qızıl medal qazanıb.
Avropa mükafatçısı Cavanşir Süleymanov da 44 kq çəki dərəcəsində eyni uğura imza atıb.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanı III dərəcəli beynəlxalq hakim Nihad Muradov da təmsil edib.