13 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycan güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb


  • Offside
  • 10:28 13.10.2026
  • Oxunma sayı: 28
Azərbaycan güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb

ABŞ-nin Las-Veqas şəhərində güləş üzrə U-23 dünya çempionatına start verilib.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində finalçılar müəyyənləşib.

Azərbaycan təmsilçisi Elmir Əliyev (60 kq) uğurlu çıxışı ilə diqqət çəkib. O, 1/8 finalda polşalı Olivye Tomaş Skşipçanı 8:0, 1/4 finalda isə qırğızıstanlı Kubaniç Arinovu 7:3 hesabı ilə məğlub edib.

Yarımfinalda özbəkistanlı Mehroj Bəhramovla qarşılaşan Əliyev gərgin mübarizə şəraitində keçən görüşdən 4:2 hesablı qələbə ilə ayrılıb. Beləliklə, o, ardıcıl ikinci il U-23 dünya çempionatının finalına yüksəlib. Güləşçimiz sabah həlledici görüşdə Qazaxıstan təmsilçisi Aybek Aytbekovla qarşılaşacaq.

Məhəmməd Şükürzadə (67 kq) 1/8 finalda Türkiyə təmsilçisi Azat Sarıyara 1:5 hesabı ilə məğlub olub. Rəqibi finala yüksəldiyindən Şükürzadə təsəlliverici görüşdə Qazaxıstan idmançısı Tolegen Amirxanovla qarşılaşacaq.

Fərid Xəlilov (72 kq) əvvəlcə Özbəkistan təmsilçisi Şaxzod Kuçkorovu 4:1 hesabı ilə məğlub edib. Lakin o, 1/4 finalda Qazaxıstan güləşçisi Yussuf Aşrapova 1:7 hesabı ilə uduzub. Rəqibi finala vəsiqə qazandığı üçün Xəlilov sabah təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Yriskeldi Xamzayev (Qırğızıstan) – Vasile Zabika (Moldova) qarşılaşmasının qalibi olacaq.

Elmin Əliyev (82 kq) isə Belarus təmsilçisi İlya Valevskini 9:4, Macarıstan güləşçisi Sabolç İştvan Sinanı 5:2 hesabı ilə üstələsə də, 1/4 finalda İsveç idmançısı Aleksander Mikael Yohanssona 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi İsmayıl Rzayev (97 kq) zədə səbəbindən yarışdan çəkilib.







Offside