14 oktyabr 2026. Çərşənbə

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib


  • Offside
  • 13:55 14.10.2026
  • Oxunma sayı: 39
AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki maarifləndirici vebinar keçirib.

AMADA-dan 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunan vebinarlar yarışda iştirak edəcək idmançılar və onların köməkçi heyəti üçün nəzərdə tutulub.

Maarifləndirmə tədbirlərinin əsas məqsədi iştirakçıların antidopinq qaydaları barədə biliklərini artırmaq, hüquq və öhdəliklərini izah etmək, eləcə də mümkün antidopinq risklərinin qarşısını almağa kömək etmək olub.

Vebinarlar zamanı antidopinq qayda pozuntuları və onların nəticələri, dopinq nəzarəti prosesi, qadağan edilmiş maddələrin siyahısı, dərman və qida əlavələrinin istifadəsi ilə bağlı risklər, terapevtik istifadə üçün istisnalar və mümkün dopinq halları barədə məlumat verilib.

Hər iki vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzularla bağlı əlavə izahatlar təqdim olunub.

Tədbirlərin idmançıların dünya çempionatına daha məlumatlı hazırlaşmasına, sağlamlığın qorunmasına və təmiz idman prinsiplərinin təşviqinə xidmət etdiyi bildirilib.

Qeyd edək ki, sumo üzrə dünya çempionatı oktyabrın 17–18-də Bakıda keçiriləcək.







Offside