- Offside
- 21:42 15.10.2026
Gürcüstanın Mtsxeta şəhərində keçirilən kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb.
Azərbaycan Su İdmanı Növləri Federasiyasından (ASİNF) 90deqiqe.Az-a verilən məlumata görə, “Mtsxeta Şəhəri Günü” münasibətilə təşkil olunan yarışda Azərbaycan təmsilçiləri ümumilikdə 4 medal qazanıblar.
Kanoe növündə Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik qayıqla 200 metr məsafədə üçüncü yeri tutaraq bürünc medala sahib olublar.
Kayak yarışlarında isə Yunus Əhmədov iki gümüş medal qazanıb. O, təknəfərlik qayıqla 200 metr məsafədə, eləcə də Gürcüstan təmsilçisi ilə birlikdə ikinəfərlik qayıq yarışında ikinci yeri tutub.
Sənan Cəfərzadə – Tahir Mövsümov cütü də müxtəlif yaş qrupları üzrə ikinəfərlik kayak yarışında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Beləliklə, Azərbaycan idmançıları beynəlxalq reqatanı 3 gümüş və 1 bürünc medalla başa vurublar.