- Offside
- 21:42 15.10.2026
Azərbaycanda ilk dəfə beynəlxalq “Oceanman” açıq suda üzgüçülük yarışının mərhələsi təşkil olunacaq. “Oceanman Azerbaijan Sea Breeze” yarışının keçirilməsi ilə bağlı “Sea Breeze” kurort şəhərinin təsisçisi və sahibi Emin Ağalarov və “Oceanman Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova memorandum imzalayıblar.
90deqiqe.Az-ın məlumatına görə, layihə Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi, “Dream Group International” şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək. Əsas məqsəd açıq suda üzgüçülüyün inkişafına dəstək vermək, beynəlxalq idman əməkdaşlığını genişləndirmək və Azərbaycanın idman turizmi istiqaməti kimi tanınmasını gücləndirməkdir.
Emin Ağalarov beynəlxalq “Oceanman” seriyasının Azərbaycanda ilk dəfə “Sea Breeze”də təşkil olunmasından məmnunluğunu ifadə edib.
“Oceanman Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova isə tərəfdaşlığın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradacağını bildirib. Onun sözlərinə görə, “Sea Breeze”in müasir infrastrukturu, Xəzər dənizinin akvatoriyası və çoxsaylı qonaqları qəbul etmək imkanları bu miqyaslı yarışın təşkili üçün əlverişli şərait yaradır.
Yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən peşəkar idmançıların, üzgüçülük həvəskarlarının və digər qonaqların iştirakı gözlənilir.
Yarışa hazırlıq çərçivəsində polşalı ultramarafon üzgüçüsü Bartolomey Kubkovski və Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı Boris Nəcəfov “Sea Breeze”də yerləşən “The Grand” apart-otelinin qarşısında 10 kilometrlik üzgüçülük yürüşü keçirəcəklər.
Uzun məsafələrə üzgüçülük üzrə nailiyyətləri ilə tanınan Kubkovski 2026-cı ilin avqustunda İsveçdən Polşaya qədər Baltik dənizində təxminən 160 kilometr məsafəni fasiləsiz qət edib. O, 55 saatdan çox suda qalıb. Boris Nəcəfov isə 2026-cı ilin sentyabrında Bonifaço boğazını üzərək keçib. O, Korsikadan Sardiniyaya və geriyə ümumilikdə 25 kilometr məsafə qət edib.
“Oceanman” beynəlxalq açıq suda üzgüçülük yarışları seriyası müxtəlif ölkələrdən peşəkarları və həvəskarları bir araya gətirir. “Oceanman Azerbaijan Sea Breeze” proqramına 10 kilometrlik “Oceanman”, 5 kilometrlik “Half Oceanman” və 2 kilometrlik sprint yarışları daxil olacaq.
Bununla yanaşı, uşaqlar üçün “Oceankids”, komanda estafeti üzrə “Oceanteams” və inkişaf xüsusiyyətləri olan uşaqlar üçün xeyriyyə məqsədli “Oceanman Inspiration” yarışlarının təşkili nəzərdə tutulur. İdman proqramı ilə yanaşı, iştirakçılar və qonaqlar üçün festival tədbirləri də keçiriləcək.
Qeyd edək ki, “Oceanman Azerbaijan Sea Breeze” yarışının təşkili Xəzər dənizinin beynəlxalq üzgüçülük ictimaiyyətinə tanıdılması, ölkədə beynəlxalq idman tədbirlərinin coğrafiyasının genişləndirilməsi və Azərbaycanın idman turizmi potensialının təşviqi baxımından əhəmiyyət daşıyır.