- Offside
- 21:42 15.10.2026
Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan İdman Akademiyası (ASA) arasında imzalanmış memorandum çərçivəsində fizioterapiya ixtisası üzrə təhsil alan III-IV kurs tələbələrinin işə qəbulu həyata keçirilir.
AGF-dən 90deqiqe.Az-a verilən məlumata görə, ölkədə ilk dəfə reallaşdırılan birgə proqram tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmələrinə və idman fizioterapiyası sahəsində təcrübə qazanmalarına imkan yaradacaq.
Ötən gün federasiyada proqrama müraciət edən namizədlərlə görüş keçirilib. Tədbirdə AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova, Tibb və ümumi hazırlıq üzrə koordinatoru Təhmaz Lətifov, ASA-nın Sağlamlıq və menecment fakültəsinin dekanı Ahu Müjgan Muradova, Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri Könül Məmmədova və İdman tibbi tədqiqatları laboratoriyasının direktoru Rauf Əliyev iştirak ediblər.
Görüş zamanı tələbələrə qarşıdakı fəaliyyətləri, vəzifə və öhdəlikləri, eləcə də onlardan gözlənilən nəticələr barədə məlumat verilib.
Proqram çərçivəsində tələbələr güləş üzrə U-15, U-17 və U-20 milli komandaları ilə işləyəcəklər. Onlar idmançıların fiziki hazırlığı, zədələrin profilaktikası və zədələrdən sonra bərpa prosesi üzrə praktiki təcrübə qazanacaq, həmçinin milli komandaların iş prinsipləri ilə tanış olaraq məşqçilər və idmançılarla əməkdaşlıq bacarıqlarını inkişaf etdirəcəklər.
Qeyd edək ki, AGF və ASA-nın birgə təşəbbüsü ali təhsillə idman praktikası arasında əlaqələri gücləndirməyi, idman fizioterapiyası üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasını və Azərbaycan güləşində tibbi-reabilitasiya dəstəyinin inkişafını hədəfləyir.