16 oktyabr 2026. Cümə

Səbail məktəbliləri arasında velosiped yarışı keçirilib


  • Offside
  • 10:53 15.10.2026
  • Oxunma sayı: 40
Səbail məktəbliləri arasında velosiped yarışı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Səbail rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı şəhərinin 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 40-dan çox oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıb.

Oğlanların yarışında 236 saylı tam orta məktəbin şagirdi Ömər Babazadə birinci yeri tutub. Eyni məktəbin təmsilçisi Hüseyn Quliyev ikinci, 49 saylı məktəb-liseyin şagirdi Mirəli Həmidov isə üçüncü olub.

Qızların mübarizəsində 189/190 saylı tam orta məktəbin şagirdi Fərəh Mirzəyeva qalib gəlib. 51 saylı tam orta məktəbin təmsilçisi Zəhra Səmədova ikinci, 236 saylı tam orta məktəbin şagirdi Leyla Hüseynli isə üçüncü yeri tutub.

Yarışın qalibləri və mükafatçıları medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, turnir Bakı məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanını təbliğ etmək, sağlam həyat tərzini təşviq etmək və gənc istedadları üzə çıxarmaqdır.







Offside