16 oktyabr 2026. Cümə

AMADA-nın rəhbəri antidopinq sahəsində süni intellektin tətbiqi barədə danışıb


  • Offside
  • 14:39 16.10.2026
  • Oxunma sayı: 39
AMADA-nın rəhbəri antidopinq sahəsində süni intellektin tətbiqi barədə danışıb

Yunanıstanın Santorini adasında Mərkəzi və Şərqi Avropa ölkələrinin III Antidopinq Sammiti keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə ölkəmizi qurumun icraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.

Yunanıstan Antidopinq Agentliyinin ev sahibliyi etdiyi sammitdə Ümumdünya Antidopinq Agentliyinin (WADA), milli antidopinq təşkilatlarının və Avropa institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların tətbiqi, milli antidopinq sistemlərinin maliyyələşdirilməsi, terapevtik istifadə üçün istisnalar, nəticələrin idarə edilməsi, eləcə də ADAMS və DCO Central sistemlərindən istifadə məsələləri müzakirə olunub.

Sammit çərçivəsində “Antidopinq sahəsində süni intellektdən istifadə” mövzusunda panel müzakirəsində çıxış edən Təhminə Tağı-zadə bu texnologiyaların milli antidopinq təşkilatlarının fəaliyyətində tətbiqi imkanlarından danışıb. O, testlərin planlaşdırılması, araşdırmaların aparılması və maarifləndirmə işində süni intellektin roluna diqqət çəkib.

AMADA rəhbəri bildirib ki, süni intellekt əvvəlki test məlumatlarının təhlili, nəzarət sahəsində boşluqların müəyyənləşdirilməsi və resursların risklərə uyğun bölüşdürülməsində köməkçi vasitə kimi istifadə oluna bilər. İdmançıların yarış nəticələrini zaman üzrə izləyən Performans Pasportunun digər elmi və analitik alətlərlə birlikdə daha məqsədyönlü testlərin planlaşdırılmasına töhfə verə biləcəyi də vurğulanıb.

Təhminə Tağı-zadə araşdırmalar zamanı məlumatların sistemləşdirilməsi və əlaqələrin təhlili, maarifləndirmə sahəsində isə müxtəlif auditoriyalar üçün uyğun materialların hazırlanması baxımından süni intellektin imkanlarını diqqətə çatdırıb.

O, bu texnologiyalardan istifadə zamanı fərdi məlumatların qorunmasının, informasiya təhlükəsizliyinin və idmançı hüquqlarına hörmətin vacibliyini qeyd edib. Həmçinin məlumatların şərhi və yekun qərarların qəbulunda insan ekspertizasının və peşəkar məsuliyyətin saxlanılmasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, sammit milli antidopinq təşkilatları arasında təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi, eləcə də praktikada tətbiq oluna biləcək yanaşmaların öyrənilməsi baxımından əhəmiyyət daşıyıb.







Offside