17 oktyabr 2026. Şənbə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib


  • Offside
  • 13:30 17.10.2026
  • Oxunma sayı: 46
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qala gecəsi təşkil edilib.

90deqiqe.Az-ın məlumatına görə, “Absheron Marriott” hotelində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Prezident İlham Əliyevin Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tərəfindən oxunub.

Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leyla Markes Mota isə qurumun prezidenti Endryu Parsonsun təbriklərini tədbir iştirakçılarına çatdırıb. Ardınca çıxış edən digər rəsmilər Azərbaycanda paralimpiya hərəkatının inkişafından və idmançıların qazandıqları uğurlardan danışıblar.

Daha sonra komitənin 30 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Rəsmi hissədən sonra qala gecəsi bədii proqramla davam edib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin (DOST İİYM) benefisiarları və təlimçiləri müxtəlif bədii çıxışlar təqdim ediblər.

Tədbir çərçivəsində Beynəlxalq Paralimpiya Komitəsinə, Avropa Paralimpiya Komitəsinə, eləcə də Türkiyə, Rusiya, Macarıstan, Belarus, Portuqaliya və İspaniyanın milli paralimpiya komitələrinə təşəkkürnamələr verilib.

Yubileyə, həmçinin yeniyetmə və gənc paralimpiyaçıların fəaliyyətinə həsr olunan videoçarxlar da nümayiş etdirilib.

Gecənin yaddaqalan məqamlarından biri yubiley loqosu əks olunmuş tortun kəsilməsi olub. Tortu Paralimpiya çempionları İlham Zəkiyev və Lamiyə Vəliyeva, eləcə də Olimpiya çempionları Zemfira Meftahətdinova və Namiq Abdullayevin müşayiəti ilə gənc paralimpiyaçılar Əli Əliyev və Səmayə Həsənova kəsiblər.

Qala gecəsi DJ müşayiəti ilə musiqi proqramı ilə başa çatıb.







Offside