17 oktyabr 2026. Şənbə

Azərbaycan badmintonçuları AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıblar


  • Offside
  • 12:12 17.10.2026
  • Oxunma sayı: 54
Azərbaycan badmintonçuları AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıblar

Azərbaycanın qadınlardan ibarət milli komandası Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında bürünc medala sahib olub.

Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “BWF AirBadminton European Continental Championships 2026” turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət komandamız qadınların üçnəfərlik yarışında üçüncü yeri tutub.

C qrupunda mübarizə aparan millimiz İsveçrə və Xorvatiya yığmalarını 3:0 hesabı ilə məğlub edib. Almaniya komandasına isə 1:3 hesabı ilə uduzan badmintonçularımız qrup mərhələsini ikinci pillədə başa vuraraq pley-offa vəsiqə qazanıblar.

1/4 finalda meydan sahibi Yunanıstanla qarşılaşan Azərbaycan millisi rəqibini 3:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

Finala vəsiqə uğrunda Türkiyə yığması ilə mübarizə aparan komandamız 1:3 hesabı ilə məğlub olub. Beləliklə, Azərbaycan millisi Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu, Azərbaycanın AirBadminton üzrə Avropa çempionatlarında növbəti uğurudur. 2025-ci ilin sentyabrında Bakıda keçirilən ilk Avropa çempionatında milli komandamız qarışıq komanda yarışında finala yüksələrək gümüş medal qazanmışdı.







Offside