18 oktyabr 2026. Bazar günü

Vahid məktəbli forması və müəllimlərin işgüzar geyimi məktəb mədəniyyətinin mühüm elementləridir


  • Offside
  • 19:15 12.10.2026
  • Oxunma sayı: 26
Vahid məktəbli forması və müəllimlərin işgüzar geyimi məktəb mədəniyyətinin mühüm elementləridir

Əziz Ələkbərli
 Milli Məclisin deputatı,
 Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri

Məktəb yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, həm də gələcək cəmiyyətin formalaşmasında mühüm rol oynayan sosial institutdur. Burada uşaqlar təhsil almaqla yanaşı, birgə yaşamağı, fərqli insanlarla münasibət qurmağı, qaydalara əməl etməyi, məsuliyyət və qarşılıqlı hörmət prinsiplərini mənimsəyirlər. Buna görə də məktəb mühitində vahid dəyərlərin, bərabər imkanların və sağlam təşkilati mədəniyyətin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Vahid məktəbli forması da bu məqsədlərə xidmət edən vasitələrdən biridir. Şagirdlərin eyni geyimdə təhsil alması ailələrin maddi imkanlarından, sosial statusundan və digər fərqlərindən asılı olmayaraq, onların eyni məktəb kollektivinin üzvü olduğunu nümayiş etdirir. Bu, geyim və dəb üzərindən yaranan rəqabətin, sosial fərqlərin qabardılmasının və ayrı-seçkilik risklərinin azalmasına kömək edir. Eyni zamanda uşaqlarda məktəbə, kollektivə mənsubiyyət, həmrəylik və məsuliyyət hissini gücləndirir.

Dünyəvi təhsil sisteminin əsas prinsiplərindən biri bütün şagirdlər üçün neytral, inklüziv və bərabər münasibətə əsaslanan mühit yaratmaqdır. Məktəb dini, siyasi və ideoloji təbliğat məkanı deyil, hər bir uşağın bilik əldə etməsi və şəxsiyyət kimi formalaşması üçün ortaq platformadır. Bu baxımdan vahid məktəbli geyimi ümumi qaydalara riayət edilməsinin və vahid təhsil mühitinin qorunmasının elementlərindən biri kimi qiymətləndirilməlidir. Təbii ki, geyim qaydaları tətbiq edilərkən qanunvericiliyin tələbləri, uşaqların hüquqları və təhsil mühitinin xüsusiyyətləri də nəzərə alınmalıdır.

Məsələyə yalnız şagirdlər baxımından yanaşmaq düzgün olmazdı. Müəllimlərin geyimi də məktəbin ümumi mədəniyyətinin, idarəçilik fəlsəfəsinin və peşəkar standartlarının mühüm tərkib hissəsidir. Müəllim təhsil müəssisəsinin nümayəndəsi olmaqla yanaşı, şagirdlər üçün davranış, ünsiyyət və məsuliyyət nümunəsidir. Onun xarici görünüşü məktəb mühitinə münasibətin, peşəkar ünsiyyət normalarına hörmətin və pedaqoji nüfuzun formalaşmasına təsir göstərən amillərdən biridir.

Müəllimlər üçün vahid işgüzar geyim üslubunun tətbiqi məktəbdə korporativ mədəniyyətin möhkəmlənməsinə, kollektivə mənsubiyyət və komanda ruhunun güclənməsinə xidmət edə bilər. Bu, eyni zamanda müəllimin peşəkar statusunu, təhsil müəssisəsinin nümayəndəsi kimi rolunu və üzərinə düşən məsuliyyəti vizual şəkildə ifadə edir. Vahid üslub məktəbin ictimai nüfuzuna və institusional imicinə də müsbət təsir göstərə bilər.

Bununla belə, müəllim geyimi seçilərkən pedaqoji işin xüsusiyyətləri əsas götürülməlidir. Geyim rahat olmalı, müəllimin hərəkətinə, dərsin təşkilinə və şagirdlərlə ünsiyyətinə mane olmamalıdır. Sadə, səliqəli və işgüzar üslub şagirdlərin diqqətinin dərsdən yayınmasının qarşısını almağa, geyim və davranış mədəniyyəti barədə düzgün təsəvvür formalaşdırmağa kömək edir.

Müəllimlərin vahid işgüzar üslubda olması valideynlər və şagirdlər tərəfindən onların daha asan tanınmasına, xüsusilə böyük təhsil müəssisələrində məktəb əməkdaşlarının fərqləndirilməsinə də kömək edə bilər.

Geyim qaydalarına riayət məktəb-valideyn əməkdaşlığının və daxili intizamın da tərkib hissəsidir. Bu qaydalar şagirdlərə və müəllimlərə eyni dərəcədə aydın olmalı, tətbiqində ardıcıllıq və qarşılıqlı hörmət qorunmalıdır. Vahid geyim özlüyündə təhsilin keyfiyyətini təmin etmir, lakin düzgün təşkil olunmuş məktəb mühitini, peşəkar münasibətləri və tədris prosesinə məsuliyyətli yanaşmanı dəstəkləyən amillərdən biri ola bilər.

Əsas məsələ geyimə formal tələb kimi baxmaq deyil. Vahid məktəbli forması və müəllimlərin işgüzar geyim üslubu bərabərlik, nizam-intizam, peşəkarlıq, həmrəylik və ortaq məktəb kimliyi kimi dəyərlərlə uzlaşmalıdır. Çünki məktəbin həqiqi nüfuzu yalnız onun zahiri görünüşü ilə deyil, müəllimin peşəkarlığı, şagirdin davranışı, təhsilin keyfiyyəti və məktəbdə hökm sürən qarşılıqlı hörmət mühiti ilə ölçülür.







Offside