- Offside
- 21:00 17.10.2026
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan icması
İdarə heyətinin sədri
Bəzən beynəlxalq toplantıların əhəmiyyəti qəbul edilən sənədlərin sayı ilə deyil, həmin tribunadan səslənən fikirlərin dünyaya hansı mesajı verməsi ilə ölçülür. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın keçdiyi tarixi yolun, milli maraqlarını qorumaq əzminin və beynəlxalq münasibətlərə baxışının aydın ifadəsi oldu.
Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq əlaqələr sistemində artan rolunun göstəricisidir. Asiya ilə Avropanın qovşağında yerləşən Azərbaycan coğrafi mövqeyini siyasi, iqtisadi və nəqliyyat imkanları ilə birləşdirərək dövlətlər arasında əməkdaşlıq üçün əlverişli platforma yaradır. Bu gün ölkəmizin əhəmiyyəti yalnız enerji resursları və tranzit imkanları ilə məhdudlaşmır. Azərbaycan həm də mürəkkəb regional məsələlərin müzakirə olunduğu, müxtəlif mövqelərin dialoq yolu ilə yaxınlaşdırılmasına şərait yaradan məkana çevrilir.
Cənab Prezidentin çıxışında Azərbaycanın müstəqil xarici siyasətinin əsas prinsipləri xüsusi vurğulandı. Suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin bərabərhüquqluluğuna hörmət, daxili işlərə qarışmamaq prinsipi ölkəmizin beynəlxalq münasibətlərə yanaşmasının təməlini təşkil edir. Bu prinsiplər Azərbaycan üçün yalnız siyasi şüarlar deyil. Xalqımızın son onilliklərdə yaşadığı hadisələr göstərdi ki, beynəlxalq hüququn müdafiəsi dövlətlərin təhlükəsizliyi və sabitliyi üçün həyati əhəmiyyət daşıyır.
Azərbaycanın üzləşdiyi işğal və onun ağır nəticələri beynəlxalq ictimaiyyətə dəfələrlə çatdırılıb. Ölkəmizin ərazilərinin uzun illər işğal altında qalması, bir milyona yaxın azərbaycanlının doğma yurdlarından qovulması, şəhər və kəndlərimizin dağıdılması xalqımızın yaddaşında silinməz iz buraxıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun müddət icra olunmaması isə beynəlxalq hüququn tətbiqindəki ciddi problemləri üzə çıxarıb. Cənab Prezidentin bu məsələləri beynəlxalq tribunalda yenidən gündəmə gətirməsi tarixi həqiqətlərin unudulmaması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan xalqı öz hüquqlarının bərpasını uzun müddət gözlədi. Lakin gözləntilər nəticə vermədikdə ölkəmiz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün öz gücünə arxalanmalı oldu. 2020-ci ilin Vətən müharibəsində qazanılan Qələbə tarixi ədalətin bərpasında həlledici mərhələ idi. 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpa olunması isə müstəqil dövlət quruculuğu tariximizin mühüm səhifəsinə çevrildi. Bu hadisələr bir daha göstərdi ki, xalqın iradəsi, milli birlik və güclü dövlətçilik ən mürəkkəb problemlərin həllində həlledici rol oynayır.
Bununla belə, Azərbaycanın mövqeyi yalnız keçmişdə baş verənlərin xatırladılması ilə məhdudlaşmır. Ölkəmiz münaqişədən sonrakı mərhələdə regionda davamlı sülhün formalaşmasında maraqlıdır. Cənab Prezidentin sülhün kövrək olduğu və onun qorunub möhkəmləndirilməsinin vacibliyi barədə fikirləri bu baxımdan xüsusi diqqət çəkir. Sülh yalnız sənədlərdə təsbit edilən razılaşma deyil. Onun möhkəm təməli qarşılıqlı etimad, beynəlxalq öhdəliklərə hörmət və dövlətlərin bir-birinin qanuni maraqlarını nəzərə almasıdır.
Zirvə Görüşünün digər mühüm nəticələrindən biri AQEM-in üzvlük dairəsinin genişlənməsi oldu. Laosun təşkilata 29-cu üzv kimi qəbul edilməsi Asiya ölkələri arasında dialoq və əməkdaşlıq imkanlarının artdığını göstərir. Azərbaycanın sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq platformalarda yalnız iştirakçı deyil, həm də təşəbbüskar tərəf kimi çıxış etdiyini nümayiş etdirir.
Müasir dünyada dövlətlərin inkişafı bir-biri ilə əlaqələrin genişliyindən də asılıdır. Nəqliyyat dəhlizləri, rəqəmsal texnologiyalar, enerji təhlükəsizliyi, elm, təhsil və turizm sahələrində əməkdaşlıq ölkələrə yeni imkanlar açır. Azərbaycan bu istiqamətlərdə mövcud potensialından istifadə etməklə həm öz iqtisadi inkişafına, həm də regionlararası əlaqələrin möhkəmlənməsinə töhfə verir. AQEM çərçivəsində bu məsələlərin müzakirəsi təşkilatın siyasi dialoqla yanaşı, praktiki əməkdaşlıq üçün də əhəmiyyətli platforma olduğunu göstərir.
Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik təcrübəsinin və dövlətçilik iradəsinin təqdimatı baxımından da əlamətdar hadisədir. Cənab Prezident İlham Əliyevin çıxışı ölkəmizin keçdiyi çətin yolu, əldə etdiyi tarixi nəticələri və gələcəyə dair prioritetlərini bir məntiqi xətt üzrə birləşdirdi. Azərbaycanın mesajı aydındır: dövlətlərin suverenliyinə hörmət edilməli, beynəlxalq hüquq seçici deyil, hamıya bərabər tətbiq olunmalı, sülh isə real siyasi iradə və qarşılıqlı etimadla möhkəmləndirilməlidir. Bakıdan səslənən bu mövqe ölkəmizin müstəqil siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin ifadəsidir.