18 oktyabr 2026. Bazar günü

Güləş Federasiyasının regional koordinatorları ilə görüş keçirilib


  • Offside
  • 22:12 17.10.2026
  • Oxunma sayı: 33
Güləş Federasiyasının regional koordinatorları ilə görüş keçirilib

Azərbaycan Güləş Federasiyası (AGF) regional güləş koordinatorları ilə görüş keçirib.

AGF-dən 90deqiqe.Az-a verilən məlumata görə, ölkənin coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq, 14 regional nümayəndəlik formalaşdırılıb.

İki gün davam edən görüşdə regional koordinatorların vəzifə öhdəlikləri, fəaliyyət planları, regionlarda güləşin inkişaf strategiyası və mövcud çətinliklər müzakirə olunub. İştirakçılar arasında fikir mübadiləsi aparılıb, irəli sürülən təkliflər dəyərləndirilib.

Proqram çərçivəsində koordinatorlara AGF-nin strukturu və strategiyası, regional inkişaf istiqamətləri, vahid təqvim planı, yarışların təşkili və onlayn məlumat bazasının fəaliyyəti barədə təqdimatlar keçirilib.

Görüşün ilk günündə federasiyanın strategiyası və regional inkişaf planı təqdim olunub. Daha sonra regionların inkişaf istiqamətləri üzrə qrup işi aparılıb, prioritetlər müəyyənləşdirilib və qarşıdakı dövr üçün fəaliyyət planları müzakirə edilib.

Proqramın ikinci günündə vahid təqvim planı, yarışların təşkili, onlayn məlumat bazasından istifadə, eləcə də sənəd və şablonlarla iş qaydaları barədə məlumat verilib. Regional koordinatorların fəaliyyətinin planlaşdırılması və hesabatlılıq mexanizmləri də nəzərdən keçirilib.

Tədbir çərçivəsində koordinatorlar üç nəfərlik komandalara bölünərək verilən tapşırıqlar əsasında təqdimatlar hazırlayıblar. Ən yaxşı təqdimatla fərqlənən komanda xüsusi hədiyyə ilə mükafatlandırılıb. İştirakçılar arasında komandaqurucu oyunlar da təşkil olunub.

Qeyd edək ki, görüşün əsas məqsədi regional fəaliyyətin koordinasiyasını gücləndirmək, idarəetmədə vahid yanaşmanı təmin etmək və ölkədə güləşin davamlı inkişafına töhfə vermək olub. Tədbir həmçinin koordinatorlar arasında təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinə xidmət edib.







Offside