- Offside
- 18:29 18.10.2026
Bakının ilk dəfə ev sahibliyi etdiyi sumo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında dünya çempionatının Bakıda keçirilməsini yüksək qiymətləndirib. O, Azərbaycanda idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti Atil Ağamirov yarışın ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.
Beynəlxalq Sumo Federasiyasının prezidenti Şo Hakuho isə əvvəlcə dünya çempionatına ev sahibliyi etməsi və 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, tədbirin təşkilində əməyi olan şəxslərə və iştirakçılara təşəkkürünü bildirib.
Şo Hakuho ötən il Akio Toyodadan sonra Beynəlxalq Sumo Federasiyasının prezidenti seçilməsinin onun üçün böyük şərəf olduğunu qeyd edib. O, sumonun dünyanın müxtəlif ölkələrində inkişaf etdiyini və bu yarışın idmançıları, eləcə də azarkeşləri bir araya gətirməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, açılış mərasimi bədii proqramla davam edib.
Qeyd edək ki, dünya çempionatında 30-a yaxın ölkədən müxtəlif yaş qruplarını təmsil edən idmançılar mübarizə aparırlar. Yarışlar ənənəvi yapon sumosuna xas olan, xüsusi hazırlanmış torpaq “dohyo” meydanında keçirilir.
Ötən gün 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları baş tutub. Bu gün isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları keçirilir.
Turnirdə ənənəvi peşəkar yapon sumosundan fərqli olaraq beynəlxalq həvəskar sumo qaydaları tətbiq olunur. Bu qaydalar çərçivəsində idmançılar çəki dərəcələrinə uyğun mübarizə aparır, qadınlar üçün də ayrıca yarışlar təşkil edilir.
Xatırladaq ki, Azərbaycanın sumo üzrə beynəlxalq yarışlarda iştirakı 2007-ci ildən başlayır.