- Offside
- 18:29 18.10.2026
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə Superkubok yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirin açılış mərasimində federasiyanın baş katibi Fərid Xəlilov və Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani çıxış edərək idmançılara uğurlar arzulayıblar. Daha sonra Fərid Xəlilov yarışı açıq elan edib.
70 metr məsafədə keçirilən yarışda qadınlar arasında Fatimə Hüseynli qızıl, Yaylagül Ramazanova gümüş, Lalə Əbdürəhmanova isə bürünc medal qazanıb.
Kişilərin mübarizəsində Məhəmmədəli Əliyev birinci yeri tutub. Sərdar Vəliyev gümüş, Nurlan Rəhimli isə bürünc medala sahib olub.
Final qarşılaşmasında Fatimə Hüseynli ilə üz-üzə gələn Məhəmmədəli Əliyev rəqibini məğlub edərək Superkubokun mütləq qalibi adını qazanıb.
Yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Medalları Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, nazirliyin Strateji Təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva və Pərvin Şirvani təqdim ediblər.
İdmançılara xüsusi hədiyyələri isə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və milli komandanın baş məşqçisi Natiq Fazilov təqdim ediblər.