19 oktyabr 2026. Bazar ertəsi

“Qarabağ” Akademiyasının məşqçiləri üçün peşəkar inkişaf proqramı yekunlaşıb


  • Offside
  • 14:04 19.10.2026
  • Oxunma sayı: 41
“Qarabağ” Akademiyasının məşqçiləri üçün peşəkar inkişaf proqramı yekunlaşıb

Azərbaycan İdman Akademiyası (ASA) və “Qarabağ” Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbir keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə çıxış edən ASA-nın rektoru Fuad Hacıyev Azərbaycan futbolunun inkişafında məşqçilərin nəzəri bilikləri, praktiki təcrübələri və pedaqoji bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb. O, idmançıların potensialının üzə çıxarılmasında həkimlər, psixoloqlar, fiziki hazırlıq mütəxəssisləri və analitiklərdən ibarət peşəkar dəstək heyətinin roluna da diqqət çəkib.

“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl isə klubda məşqçilərin və digər əməkdaşların peşəkar inkişafına xüsusi önəm verildiyini bildirib. Onun sözlərinə görə, futbolçu yetişdirilməsi zamanı məşqçilərin şəxsi təcrübəsi ilə yanaşı, elmi yanaşma da mühüm əhəmiyyət daşıyır.

Klub rəsmisi akademiyanın əsas məqsədinin yalnız futbolçu yetişdirməkdən ibarət olmadığını, eyni zamanda vətənini sevən, cəmiyyətə faydalı vətəndaşların formalaşdırılmasına xidmət etdiyini qeyd edib. O, məşqçilərin inkişafına yönələn təlimlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxışında ömürboyu təhsilin və peşəkar inkişafın əhəmiyyətindən danışıb. O, təhsil müəssisələri ilə idman klubları arasında əməkdaşlığın mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini vurğulayıb.

Akademiyanın Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə proqramın hazırlanmasının fevral ayında başlanmış müzakirələr və tərəflər arasında əməkdaşlıq nəticəsində mümkün olduğunu bildirib. Onun sözlərinə görə, məşqçilərin ehtiyacları nəzərə alınaraq hazırlanan proqrama avqust ayında start verilib. Ümumilikdə 30 saat davam edən təlimlər beş gün ərzində keçirilib.

Rəsmi çıxışlardan sonra iştirakçılara proqram çərçivəsində təşkil olunan təlimlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra Fuad Hacıyev proqramı uğurla başa vuran “Qarabağ” Akademiyasının məşqçilərini təltif edib. Tədbirin sonunda ASA rektoruna “Qarabağ”ın forması hədiyyə olunub.







Offside