- Offside
- 20:59 19.10.2026
Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində üç medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) 90deqiqe.Az-a verilən məlumata görə, 86 kq çəki dərəcəsində çıxış edən idmançımız birdən qaldırma hərəkətində 94 kq nəticə göstərərək gümüş medala sahib olub.
Rahilə Hüseynzadə təkanla qaldırma hərəkətində 115 kq ağırlığı qaldıraraq bürünc medal qazanıb. İki hərəkətin cəmində 209 kq nəticə göstərən atlet ümumi hesabda da gümüş medala layiq görülüb.
Beləliklə, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyində iştirak edən üç Azərbaycan idmançısının hər biri yarışı üç medalla başa vurub.
Daha əvvəl Fuad Həsənov və Qasım İsmayılov da hərəyə üç medal qazanıblar. Nəticədə Azərbaycan ağırlıqqaldıranları qitə birinciliyində ümumilikdə 9 medal əldə ediblər.