- Offside
- 23:27 19.10.2026
Azərbaycan Su İdmanı Federasiyasını təmsil edən “BAKI” Balıqçılar Klubunun idmançıları Türkiyənin Elazığ şəhərində keçirilən III Beynəlxalq Hazar Sazan Kubokunda uğurlu nəticə əldə ediblər.
90deqiqe.Az-ın məlumatına görə, oktyabrın 10-dan 17-dək Hazar gölündə təşkil olunan karpfişinq (sazan balığının idman məqsədilə ovu) yarışı yeddi gün fasiləsiz davam edib. Türkiyə, Almaniya, İran, Səudiyyə Ərəbistanı və Azərbaycandan 48 komandanın iştirak etdiyi turnirdə gərgin mübarizə yaşanıb.
Azər Əliyev, Hüseyn Qeybi və Nihad Camalovdan ibarət Azərbaycan komandası ümumilikdə 12 balıq tutaraq 88,265 kq nəticə göstərib. TOP-5 göstəricisi üzrə isə komandanın nəticəsi 52,580 kq olub.
Bu nəticələrlə təmsilçilərimiz turniri ikinci pillədə başa vuraraq gümüş medala sahib çıxıblar.