- Offside
- 23:23 20.10.2026
Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək güləş üzrə dünya çempionatında Azərbaycanı 23 idmançı təmsil edəcək.
Azərbaycan Güləş Federasiyasından (AGF) 90deqiqe.Az-a verilən məlumata görə, mundialda ölkəmiz yunan-Roma, qadın və sərbəst güləş üzrə yarışlarda mübarizə aparacaq.
İlk olaraq yunan-Roma güləşi üzrə milli komandamız xalça üzərinə çıxacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaqlar.
Daha sonra qadın güləşçilərimiz yarışa qoşulacaqlar. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında ölkəmizi təmsil edəcəklər.
Mundialın son günlərində isə sərbəst güləşçilərimiz mübarizəyə başlayacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, “Barıs Arena”da keçiriləcək dünya çempionatında gündüz seansının görüşləri Bakı vaxtı ilə saat 09:30-da, axşam seansının qarşılaşmaları isə saat 17:00-da başlayacaq. Beynəlxalq dərəcəli hakimlərimiz Asif Şirəliyev və Sədi Quliyev də mundialda ədaləti qoruyacaqlar.