- Offside
- 23:23 20.10.2026
Azərbaycan Premyer Liqasının VIII turunda baş verən qayda pozuntularına görə bir sıra klublar və futbol rəsmiləri barəsində intizam tədbirləri görülüb.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, “Şamaxı” – “Şəfa” oyununda hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqədən qırmızı vərəqə alan “Şamaxı”nın məşqçisi Araz Bağırov bir oyunluq cəzalanıb. Buna görə klub 2500 manat cərimə ödəyəcək. Həmin qarşılaşmada dörd futbolçusu sarı vərəqə alan “Şəfa” da 700 manat cərimələnib.
“Sumqayıt” – “Araz-Naxçıvan” matçında ikinci sarı vərəqədən qırmızı vərəqə alan Ağadadaş Salyanski bir oyunluq cəzaya məruz qalıb. Bu qərara görə Naxçıvan təmsilçisi 500 manat cərimələnib.
“Qarabağ” – “Neftçi” qarşılaşmasında isə rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu 5000 manat cərimə olunub.
Beş futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib. Klub azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə əlavə 3000 manat cərimə ödəyəcək.
Həmin oyunun 90+4-cü dəqiqəsində stadiona kiçik zərər vuran və dəymiş ziyanı yerində ödəyən “Neftçi”nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib.
“İmişli” – “Turan Tovuz” matçında dörd futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi də 700 manat cərimələnib.