22 oktyabr 2026. Cümə axşamı

Azərbaycan və Gürcüstan voleybol federasiyalarının rəhbərləri görüşüblər


  • Offside
  • 22:38 20.10.2026
  • Oxunma sayı: 40
Azərbaycan və Gürcüstan voleybol federasiyalarının rəhbərləri görüşüblər

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti David Tevzadze ilə görüşüb.

90deqiqe.Az  xəbər verir ki, Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, idman şöbəsinin direktoru Şir-Aslan Kərimov, “Turan” voleybol klubunun fəxri prezidenti Fəlah Quliyev, GVF-nin baş katibi İvane Şeklaşvili, inkişaf koordinatoru Andrey Lefçinko və Gürcüstan millisinin baş məşqçisi Pata Ulumbulaşvili iştirak ediblər.

Tərəflər federasiyalar arasında əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin ölkələrində voleybolun inkişafı, xüsusilə uşaq voleybolu sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Federasiya rəhbərləri “Turan” klubuna Çempionlar Liqasında uğurlar arzulayıblar.

Görüşdə 2024-cü ildə AVF və GVF arasında imzalanmış əməkdaşlıq memorandumunun müddəalarının icrası məsələləri də nəzərdən keçirilib.

Görüşdən sonra hər iki federasiyanın rəhbərliyi “Turan”ın Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Mladost” klubu ilə oyununu arenadan canlı izləyib.







Offside