- Offside
- 23:01 21.10.2026
Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışın üçüncü günündə millimizin daha 7 üzvü rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəlib.
Veysilə Əliyeva (54 kq) 1/8 finalda Şotlandiya təmsilçisi Mairid Makgeoçu 4:0 hesabı ilə üstələyib. O, 1/4 finalda Ukrayna boksçusu Alina İnatoviçlə qarşılaşacaq.
Hüseyn Rəhimli (40 kq) xorvatiyalı Matiya Yankoviçi ilk raundda tam üstünlüklə məğlub edərək növbəti mərhələyə adlayıb. Onun növbəti rəqibi İngiltərə təmsilçisi Feliks Runi olacaq.
Hümbət Almazov (42 kq) serbiyalı Petar Radivoyeviçə 5:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Almaniya boksçusu Kevin Lourenko de Kastro ilə üz-üzə gələcək.
Gülay Ocaqova (57 kq) 1/4 finalda italiyalı Quilia Qiustizierini 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İmişli boks məktəbinin yetirməsi finala vəsiqə uğrunda Macarıstan təmsilçisi Lia Toldi ilə döyüşəcək.
Rafael Abbasov (66 kq) 1/4 finalda polşalı Yan Balaya 3:2 hesabı ilə qalib gəlib. Onun yarımfinaldakı rəqibi Gürcüstan boksçusu Zakaria Tsiklauri olacaq.
Sərxan Haqverdiyev (70 kq) də 1/4 finalda Polşa təmsilçisi Oliver Mayanı 3:2 hesabı ilə üstələyərək növbəti mərhələyə adlayıb. O, yarımfinala vəsiqə uğrunda İtaliya boksçusu Dieqo Mastrorillo ilə qarşılaşacaq.
Teymur Tanrıverdiyev (90 kq) isə 1/4 finalda Türkiyə təmsilçisi Berat Yıldırıma 5:0 hesabı ilə qalib gəlib. Boksçumuz yarımfinalda Rusiya idmançısı Andrey Konstantinovla üz-üzə gələcək.
Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrın 25-də başa çatacaq.