- Offside
- 23:01 21.10.2026
Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.
AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, məşqdən əvvəl Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov gənc futbolçular və məşqçi heyəti ilə görüşərək onlara qarşıdakı turnirdə uğurlar arzulayıb.
“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”, – deyə Ayxan Abbasov bildirib.
Daha sonra baş məşqçi yığmanın məşq prosesini izləyib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Kristal Zal”da Şərqi Timor yığmasına qarşı keçirəcək. Komandamızın qrup mərhələsindəki digər rəqibləri Andorra, Avstraliya, İsrail və Haiti milliləri olacaq.