- Offside
- 23:01 21.10.2026
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının I təsnifat mərhələsində iştirak etmək üçün Gürcüstana yola düşüb.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatı oktyabrın 22-dən 25-dək Rustavi şəhərində keçiriləcək. Millimizə yarışda Gökhan Edman rəhbərlik edəcək.
Azərbaycan yığması A qrupunda Polşa və Latviya komandaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna milliləri mübarizə aparacaqlar.
Reqlamentə əsasən, qrupların qalibləri turnirin çempionunu müəyyənləşdirən həlledici oyunda üz-üzə gələcəklər. Qruplarda ikinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2–B2 və A3–B3 qarşılaşmalarında yekun sıralamalarını müəyyənləşdirəcəklər.
Qeyd edək ki, həlledici oyunun qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci, üçüncü və dördüncü yerləri tutan komandalar isə qitə çempionatının II təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.