- Offside
- 23:01 21.10.2026
“Qızıl top” mükafatı uğrunda səsvermə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, "Winna FC" səhifəsinin yaydığı məlumata görə, səsvermənin qalibi “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn olub. İddia edilir ki, futbolçu qələbəsi barədə məlumatlandırılıb və onunla fotosessiyanın keçirilməsi planlaşdırılıb.
Bununla belə, məlumatın mənbəyi etibarlı hesab olunmur. Səhifənin təxminən 250 min izləyicisi olsa da, Keynin mükafatı qazandığı barədə yayılan iddia hələlik təsdiqlənməyib.
Xatırladaq ki, mükafatın sahibi oktyabrın 26-da, bazar ertəsi günü Londonda keçiriləcək mərasimdə açıqlanacaq.
Qeyd edək ki, son illərdə mükafatın təşkilatçıları qalibin adının mərasimdən əvvəl açıqlanması praktikasından imtina ediblər. Əvvəllər qalibin əvvəlcədən məlumatlandırılması və onun yeni fotoları ilə müsahibəsinin “France Football” jurnalında mərasimdən dərhal sonra dərc olunması nəzərdə tutulurdu. Lakin bu yanaşma qalibin adının mətbuata sızmasına səbəb olurdu.
Hazırda təşkilatçılar qalibin kimliyi ilə bağlı intriqanı son ana qədər qorumağa çalışırlar.