22 oktyabr 2026. Cümə axşamı

Azərbaycan boksçularının U-15 Avropa çempionatında 10 medalçısı olacaq


  • Offside
  • 10:54 22.10.2026
  • Oxunma sayı: 44
Azərbaycan boksçularının U-15 Avropa çempionatında 10 medalçısı olacaq

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatının 1/4 final mərhələsi başa çatıb.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, millimizin yarımfinala yüksələn idmançılarının sayı 10-a çatıb. Beləliklə, təmsilçilərimizin hər biri özü üçün ən azı bürünc medalı təmin edib.

Nuray Qafarova (50 kq) 1/4 finalda Gürcüstan boksçusu Nino Tirkianı 5:0 hesabı ilə məğlub edib. O, finala vəsiqə uğrunda Rusiya təmsilçisi Polina Ağacanyanla qarşılaşacaq.

Ələkbər Məmmədli (44 kq) moldovalı Leonard Buhaniuçu 5:0 hesabı ilə üstələyib. Boksçumuz yarımfinalda İrlandiya təmsilçisi Rian Branaqanla üz-üzə gələcək.

Sənan Nəsibli (52 kq) rumıniyalı David Popeskunu 5:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Onun yarımfinaldakı rəqibi serbiyalı Lazar Yovanoviç olacaq.

Sadiq Xəlilov (54 kq) rusiyalı Yaroslav Mikolauskası 5:0 hesabı ilə üstələyib. Naxçıvan boks məktəbinin yetirməsi finala vəsiqə uğrunda Şotlandiya təmsilçisi Cey Şeridanla döyüşəcək.

Yusif Əli (57 kq) Monteneqro boksçusu Nikola İliçə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda ukraynalı Kirilo Çumakovla qarşılaşacaq.

Sunay Əzimov (60 kq) isə rumıniyalı Daniel Sardarunu üçüncü raundda tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Boksçumuz növbəti görüşündə İngiltərə təmsilçisi Solomon Duboislə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Rafael Abbasov (66 kq), Sərxan Haqverdiyev (70 kq), Hüseyn Aydəmirli (90 kq) və Gülay Ocaqova (57 kq) da yarımfinala vəsiqə qazanıblar.

Beləliklə, Azərbaycan millisinin 10 üzvü Avropa çempionatında ən azı bürünc medalı təmin edib. Yarımfinal döyüşlərinə bu gün start veriləcək.







Offside