- Offside
- 20:39 22.10.2026
Oktyabrın 21-də güləş üzrə Azərbaycan milli komandalarında fəaliyyət göstərəcək gənc fizioterapistlərin təqdimat mərasimi keçirilib.
Azərbaycan Güləş Federasiyasından (AGF) 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan İdman Akademiyasının (ASA) nümayəndələri də iştirak ediblər.
Görüşdə məşqçilərlə fizioterapistlər arasında əməkdaşlığın təşkili, təcrübəçilərin məşq prosesindəki rolu, fəaliyyət prinsipləri və qarşılıqlı gözləntilərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Həmçinin gənc mütəxəssislərin U-15, U-17 və U-20 yaş qrupları üzrə milli komandaların hazırlıq prosesinə cəlb edilməsi, onların nəzəri və praktiki biliklərinin artırılması diqqət mərkəzində olub.
Layihə çərçivəsində tələbələr böyüklərdən ibarət milli komandalarda çalışan peşəkar mütəxəssislərin təcrübəsindən yararlanacaqlar. ASA ilə birgə həyata keçirilən proqram nəticəsində ilk dəfə olaraq bütün yaş qrupları üzrə milli komandaların fizioterapistlərlə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, praktiki təcrübə müddətində fəallığı və peşəkarlığı ilə seçilən tələbələrin gələcəkdə daimi işlə təmin olunması planlaşdırılır.