- Offside
- 23:10 22.10.2026
Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri Qazaxıstanın paytaxtı Astanada yerləşən Qazaxıstan İdman Universitetində olublar.
90deqiqe.Az-ın məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti universitetin ərazisində yerləşən idman kompleksi və güləş akademiyası ilə tanış olub. Onlara güləş üzrə məşqlər üçün yaradılan şərait, eləcə də digər idman növləri üzrə mövcud imkanlar barədə məlumat verilib.
Ziyarət zamanı güləş sahəsində aparılan elmi tədqiqatlar, süni intellekt vasitəsilə həyata keçirilən analizlər və kompleksdə tətbiq olunan müasir yanaşmalar diqqət mərkəzində olub.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Qazaxıstan Güləş Federasiyasının nümayəndələri ilə də görüşüb. Tərəflər güləş sahəsində fikir mübadiləsi aparıblar.
AGF göstərilən qonaqpərvərliyə, diqqətə və səmimi münasibətə görə Qazaxıstan Güləş Federasiyasına və Qazaxıstan İdman Universitetinə təşəkkür edib.