- Offside
- 16:12 25.10.2026
AFFA prezidenti Rövşən Nəcəf Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət edib.
AFFA-nın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, federasiya rəhbəri Azərbaycan və Andorra yığmaları arasında keçirilən qarşılaşmanı izləyib, həmçinin kompleksdə yaradılmış şəraitlə tanış olub.
Rövşən Nəcəf oyunların müxtəlif hava şəraitində keçirilməsi üçün görülən hazırlıq işləri ilə də maraqlanıb. Azərbaycan millisinin uğurlu çıxışı tribunadakı valideynlər və federasiya nümayəndələri tərəfindən coşqu ilə qarşılanıb.
Qeyd olunub ki, turnirin ikinci oyun günü həm meydanda mübarizə aparan yeniyetmə futbolçular, həm də onları dəstəkləyən ailə üzvləri üçün beynəlxalq yarış atmosferini yaxından yaşamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Hövsan Yarış Kompleksinin infrastrukturu eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verir. Hər meydançada gün ərzində 10-dək qarşılaşma təşkil olunur. Yeni quraşdırılmış peşəkar işıqlandırma sistemləri oyunların axşam saatlarında da keçirilməsini təmin edir.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da başa çatacaq. Turnirin final qarşılaşması Bakı Kristal Zalında keçiriləcək.