- Offside
- 23:02 26.10.2026
Azərbaycanın 11 cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmiz yarışda doqquz çəki dərəcəsində təmsil olunacaq.
Qadınların yarışında Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) çıxış edəcəklər.
Kişilərin mübarizəsində isə Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov və Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnir oktyabrın 29-dan 31-dək keçiriləcək. Dünya Cüdo Turunun təqvimində yer alan yarışda 60 ölkədən 400-ə yaxın idmançının iştirakı gözlənilir.
Turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.