26 oktyabr 2026. Bazar ertəsi

Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib


  • Offside
  • 13:59 26.10.2026
  • Oxunma sayı: 39
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AZVİF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan qurumun prezidenti Zaur Axundov gündəlikdə duran məsələlər barədə məlumat verib. Daha sonra federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov hesabat dövründə görülən işlər və qarşıda duran vəzifələr haqqında çıxış edib.

Sahib Ələkbərov bildirib ki, 2025-ci ilin mayından etibarən federasiyanın yeni rəhbərliyi ölkədə velosiped idmanını COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qaytarmağı əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Bu məqsədlə İcraiyyə Komitəsinin 4 iyun 2025-ci il tarixli iclasında təsdiqlənən 2025-2028-ci illər üzrə İnkişaf Strategiyasına uyğun olaraq federasiyanın maddi-texniki bazasının bərpası istiqamətində işlər görülüb.

Belə ki, velotrekdə baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşmüş beton örtük, tamaşaçılar üçün nəzərdə tutulan tribuna, mini-futbol meydançası və qazanxana təmir olunaraq istifadəyə yararlı vəziyyətə gətirilib. Həmçinin federasiyanın balansında olan avtomobillərin bir hissəsi təmir edilib.

Federasiyanın birinci vitse-prezidenti hesabat dövründə keçirilən yarışlar və beynəlxalq tədbirlər barədə də məlumat verib. O, “Baku–Khankendi Azerbaijan Cycling Race” beynəlxalq velosiped yarışının yüksək səviyyədə təşkil olunduğunu, tədbirin Azərbaycanın velosiped idmanı sahəsində beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və idman potensialının tanıdılmasına töhfə verdiyini vurğulayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.1 kateqoriyalı yarış mayın 10-dan 14-dək keçirilib. Beş gün davam edən yarışda 20 ölkədən 24 komanda iştirak edib. Marşrutlar Azərbaycanın 21 şəhər və rayonunun ərazisindən keçib. Yarış “Eurosport” kanalı vasitəsilə dünyanın 190 ölkəsində 19 dildə yayımlanıb.

“Eurosport”un rəsmi hesabatına əsasən, yarışın reklam videoçarxına baxışların sayı 20 milyonu ötüb. Bundan əlavə, “Eurosport”, “Euronews” və “CBC Sport” kanallarında yarışla bağlı xüsusi verilişlər hazırlanıb. Federasiyanın “Instagram” səhifəsinə yarış günlərində daxilolmaların sayı ilk dəfə 2 milyonu keçib.

Yarışın təşkili üçün 25 yeni avtomobil və digər zəruri avadanlıqlar alınıb. Bildirilib ki, beynəlxalq velosiped yarışı Azərbaycanın təbii gözəlliklərinin, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin dünyaya tanıdılmasına da töhfə verib.

Sahib Ələkbərov qarşıdakı dövrdə federasiyanın əsas prioritetləri sırasında regionlarda fəaliyyətin gücləndirilməsini, uşaqların və yeniyetmələrin velosiped idmanına marağının artırılmasını, yeni bölmələrin yaradılmasını və idmançıların beynəlxalq yarışlarda rəqabət qabiliyyətinin yüksəldilməsini qeyd edib.

Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov isə Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin fəaliyyətinin canlandırıldığını bildirib. Onun sözlərinə görə, ölkənin 18 şəhər və rayonunda 22 velosiped bölməsi yaradılıb və hazırda bu bölmələrdə 500-dən çox uşaq məşğul olur.

Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, eləcə də Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə bölmələrdə fəaliyyət göstərəcək peşəkar məşqçilər seçilib və onlar üçün təlimlər təşkil olunub. Həmin bölmələrdə, eləcə də Gəncə, Mingəçevir, Lənkəran və Xankəndi universitetlərində, Zəngilan rayonunun məktəblərində və digər ümumtəhsil müəssisələrində velosiped idmanı ilə məşğul olan uşaqlara 900-dən çox velosiped və qoruyucu dəbilqə təqdim edilib.

İclasda Əli Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsinə təsdiqlənib. Həmçinin “Təhlükəsiz mühitin və idmançıların təhlükəsizliyinin təminatı qaydaları” qəbul edilib.







Offside