- Offside
- 23:02 26.10.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal komandası oyunöncəsi son məşqini keçirib.
90deqiqe.Az xəbər verir ki,artıq iki gündür Polşada olan Azərbaycan çempionunun baş məşqçisi Fərid Ələkbərov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında komandanın hazırlığı barədə danışıb.
“Son iki məşqimizi “PreZero Arena”da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası, zədəli futzalçımız yoxdur. Komanda, demək olar ki, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həmin həyəcanı yaşamaq hər idmançıya qismət olmur”, – deyə mütəxəssis bildirib.
Baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcək Fərid Ələkbərov rəqiblərdən asılı olmayaraq, maksimum nəticə uğrunda mübarizə aparacaqlarını vurğulayıb.
“Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Xüsusilə meydan sahibi komandanı qeyd etmək istərdim. Onlar neçə ildir uğur qazanmaq üçün heyət formalaşdırırlar. Üstəlik, oyunlar onların doğma meydanında keçiriləcək və azarkeş dəstəyi də üstünlükləri olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq, sona qədər mübarizə aparacağıq. Məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır”, – deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, V qrupda yer alan “Araz-Naxçıvan” ilk oyununu oktyabrın 27-də Macarıstanın “Uypeşt” komandasına qarşı keçirəcək. Qarşılaşma Polşanın Qlivise şəhərindəki “PreZero Arena”da baş tutacaq.