- Offside
- 00:21 28.10.2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin klub və filialları arasında açıq turnir təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, İctimai Birliyin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Turnirin rəsmi açılış mərasimində Azərbaycanda Braziliya ciu-citsu (BJJ) döyüş sənətinin banisi və İctimai Birliyin sədri Taleh Həsənov iştirakçılara uğurlar arzulayıb, onlara mübarizədə qələbə sevinci yaşamağı diləyib.
BJJ Azərbaycanın prezidenti Aqil Acalov da idmançılara uğurlar arzulayıb. O, yarışda fərqlənən idmançıların qarşıdan gələn beynəlxalq turnirdə iştirak edəcəklərini vurğulayıb və onlara indidən qələbələr arzulayıb.
A.Acalov qeyd edib ki, idman təkcə güc və sürətdən ibarət deyil, həm də yüksək nizam-intizamın, iradənin və xarakterin göstəricisidir.
İctimai Birliyin sədr müavini Anar Səfərov da iştirakçılara öz potensiallarını tam nümayiş etdirməyi və parlaq qələbələr qazanmağı arzulayıb. Bundan sonra yarışlara start verilib.
Turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən klub və filialların idmançıları mübarizə aparıblar. Yarışlar müxtəlif yaş və çəki dərəcələri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Braziliya ciu-citsusunun Gi versiyasında keçirilib.