28 oktyabr 2026. Çərşənbə

“Shirvan Open 2026” beynəlxalq şahmat festivalının qalibləri müəyyənləşib


  • Offside
  • 12:58 27.10.2026
  • Oxunma sayı: 44
“Shirvan Open 2026” beynəlxalq şahmat festivalının qalibləri müəyyənləşib

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Shirvan Open 2026” beynəlxalq şahmat festivalına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Olimpiya İdman Kompleksində keçirilən yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

A turnirində 9 turdan sonra 7,5 xal toplayan Murad İbrahimli birinci yeri tutub. Hərəyə 7 xal qazanan Namiq Quliyev və Hindistan təmsilçisi Visakh isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

B turnirində 7 xal toplayan Ümid Ələsgərov qalib olub. Duyğu Bağırova ikinci, Ayyub Zəkiyev isə üçüncü yeri tutub.

Festival çərçivəsində keçirilən rapid yarışında Hindistan şahmatçısı Hagavane Aakanksha, blits yarışında isə Visakh birinci olub.

Beynəlxalq festivalda 6 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparıb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 22 670 manat təşkil edib.







Offside