28 oktyabr 2026. Çərşənbə

Azərbaycan güləşində rəqib analizində süni intellektdən istifadə təqdim olunub


  • Offside
  • 13:01 27.10.2026
  • Oxunma sayı: 34
Azərbaycan güləşində rəqib analizində süni intellektdən istifadə təqdim olunub

Qazaxıstanın paytaxtı Astanada Dünya Güləş Birliyinin (UWW) Elmi Komissiyasının illik iclası və elmi simpozium keçirilib.

Azərbaycan Güləş Federasiyasından (AGF) 90deqiqe.Az-a verilən məlumata görə,tədbirdə federasiyanın Strateji İnkişaf və Analiz şöbəsinin mütəxəssisi Murad Cabbarov rəqib analizində süni intellektin rolu mövzusunda təqdimatla çıxış edib. O, çıxışı zamanı AGF tərəfindən hazırlanmış analiz platformasını da təqdim edib.

UWW-nin Büro üzvü və Elmi Komissiyasının sədri Buyandelger Peljee, Özbəkistan İdman Universitetinin professoru Fikrət Kərimov, Türkiyəli idman mütəxəssisi, idman fiziologiyası, məşq elmi və güləş üzrə professor Ramazan Savranbaşı, Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Georgi Korobeynikov, eləcə də Beynəlxalq Güləş Tədqiqatçıları Şəbəkəsinin (INWR) təsisçisi və direktoru Devid Körbi təqdimatı yüksək qiymətləndiriblər.

Onlar platformanın güləşin gələcək inkişafı, rəqəmsal texnologiyaların və süni intellektin bu idman növünə inteqrasiyası baxımından geniş imkanlar yaratdığını bildiriblər.

UWW prezidenti Nenad Laloviçin də iştirak etdiyi simpoziumda güləşin inkişafı, idmançıların hazırlıq prosesi və müasir texnologiyaların idmanda tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.

İştirakçılar olimpiya təsnifat sistemi, güləşdə qərarvermə, rəqiblərin təhlilində süni intellektdən istifadə, texniki fəndlərin öyrədilməsində rəqəmsal texnologiyaların rolu və idmançıların fiziki göstəricilərinin izlənilməsi mövzularında fikir mübadiləsi aparıblar.







Offside