- Offside
- 00:21 28.10.2026
Bakıda FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə məşqçilər üçün master-klas təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, oktyabrın 27-də AFFA-nın dəstəyi ilə FIFA tərəfindən keçirilən tədbirdə Azərbaycan Premyer Liqası klublarının və milli komandaların baş məşqçiləri, köməkçi məşqçilər, eləcə də milli assosiasiyanın nümayəndələri iştirak ediblər.
Zəngin təcrübəsini bölüşən Arsen Venger məşqçilik fəaliyyəti, futbolçuların yetişdirilməsi və müasir futbolun dəyişən tələbləri barədə fikirlərini çatdırıb.
Görüşün əvvəlində AFFA baş katibinin müavini Elçin Məmmədov fransalı mütəxəssisi salamlayıb və ona Azərbaycan milli komandasının formasını təqdim edib.
Seminar zamanı Premyer Liqa klublarının əvvəlcədən təklif etdiyi mövzular ətrafında müzakirələr aparılıb. Xüsusilə uşaq və gənc futbolçuların inkişafı, akademiyadan əsas komandaya keçid mərhələsi və kollektivin idarə olunması kimi vacib məsələlərə diqqət yetirilib.
Master-klasın sual-cavab hissəsində iştirakçılar məşqçilik fəaliyyətində qarşılaşdıqları çətinlikləri bölüşmək və Arsen Vengerlə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.