28 oktyabr 2026. Çərşənbə

Azərbaycanda keçirilən “TURAN CUP 2026” beynəlxalq turnirində Çinlə əməkdaşlıq memorandumu imzalanıb


  • Offside
  • 17:08 27.10.2026
  • Oxunma sayı: 49
Azərbaycanda keçirilən “TURAN CUP 2026” beynəlxalq turnirində Çinlə əməkdaşlıq memorandumu imzalanıb

Oktyabrın 22–24-də “Quba Palace Hotel”in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda “TURAN CUP” silsiləsindən növbəti beynəlxalq qolf turniri keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, yarış çərçivəsində “Quba Palace Hotel” ilə Çin Xalq Respublikasının Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

“TURAN CUP 2026” müxtəlif ölkələrdən olan idmançıları bir araya gətirib. Turnirdə Mərkəzi Asiya respublikaları ilə yanaşı, Avropa ölkələri, Çin Xalq Respublikası, Koreya Respublikası və Rusiya Federasiyasından olan qolfçular iştirak ediblər.

Turnir çərçivəsində “Quba Palace Hotel”in rəhbərliyi ilə iştirakçı qolf assosiasiyalarının nümayəndələri arasında bir sıra görüşlər keçirilib. Görüşlərin nəticəsi olaraq otellə Çin Xalq Respublikasının Qolf Assosiasiyası (China Golf Association) arasında əməkdaşlıq memorandumu imzalamaq barədə razılıq əldə olunub.

Memorandum “Quba Palace Hotel”in baş direktoru İlham Ağayev və Çin Qolf Assosiasiyasının səlahiyyətli nümayəndəsi Zhao Shizhong tərəfindən imzalanıb. Sənəd qolf sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi üçün imkanların yaradılmasını nəzərdə tutur.

Turnirin idman proqramı başa çatdıqdan sonra iştirakçılar və qonaqlar üçün qala gecəsi təşkil olunub. Tədbir zamanı yarışın qalibləri mükafatlandırılıblar.

Qeyd edək ki, “TURAN CUP 2026”nın rəsmi tərəfdaşı BMW AG-nin Azərbaycandakı idxalçısı “Improtex Motors” olub.

“Quba Palace Hotel” beynəlxalq qolf turnirlərinin təşkili vasitəsilə Azərbaycanın turizm potensialının tanıdılmasına töhfə verməyə davam edir.







Offside