- Offside
- 22:39 28.10.2026
FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində istirahət günü münasibətilə turnir iştirakçıları üçün Atletlər Kəndində əyləncə festivalı təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə hazırlanan proqram musiqi çıxışları, rəqs nömrələri, interaktiv oyunlar və müxtəlif əyləncəli fəaliyyətləri əhatə edib. Yeniyetmə futbolçular üçün stolüstü və kompüter oyunları ilə təchiz olunmuş istirahət zonaları yaradılıb, həmçinin müxtəlif fəaliyyətlərin təqdim edildiyi yarmarka təşkil olunub.
Turnir iştirakçılarının bir qismi istirahət günündə İçərişəhəri ziyarət edərək Bakının qədim tarixi, zəngin mədəni irsi və tarixi məkanları ilə tanış olub. Gəzinti gənc futbolçulara yarış proqramından kənarda paytaxtın görməli yerlərini kəşf etmək imkanı verib.
Festivalı AFFA-nın prezidenti Rövşən Nəcəf də ziyarət edib. O, Atletlər Kəndində yaradılmış şərait və tədbirin təşkili ilə yaxından tanış olub.
Gərgin təsnifat oyunlarından sonra təşkil olunan istirahət günü yeniyetmə futbolçuların fiziki və emosional baxımdan bərpa olunmasına, eləcə də turnirin növbəti mərhələsinə hazırlaşmasına şərait yaradıb. Eyni zamanda, festival müxtəlif ölkələrdən olan iştirakçıların ünsiyyət qurmasına, bir-birinin mədəniyyətini tanımasına və Azərbaycan qonaqpərvərliyini yaxından hiss etməsinə imkan yaradıb.
Musiqi, oyunlar və birgə fəaliyyətlər gənclər arasında yeni dostluqların qurulmasına, qarşılıqlı hörmətin və komanda ruhunun güclənməsinə töhfə verib.
Qeyd edək ki, turnirin son mərhələsi oktyabrın 28-dən 30-dək Hövsan Yarış Kompleksində davam edəcək. Oktyabrın 28 və 29-da hər gün 192, oktyabrın 30-da isə 90 oyunun keçirilməsi nəzərdə tutulub.
FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə başa çatacaq.