28 oktyabr 2026. Çərşənbə

Azərbaycan idmançıları stronqmen üzrə dünya çempionatında üç dünya rekordu müəyyənləşdiriblər


  • Offside
  • 19:01 28.10.2026
  • Oxunma sayı: 56
Azərbaycan idmançıları stronqmen üzrə dünya çempionatında üç dünya rekordu müəyyənləşdiriblər

Azərbaycan stronqmençiləri Polşanın Pabyanitse şəhərində keçirilən GPC versiyası üzrə dünya çempionatında uğurlu nəticələr əldə ediblər.

Azərbaycan Stronqmen Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, gənclər arasında 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Muradov birinci yeri tutub. Open kateqoriyasında 110 kq çəki dərəcəsində çıxış edən Cəlil Əliyev də yarışın qalibi olub. O, Ermənistan təmsilçisini məğlub edib.

Open kateqoriyasında 90 kq çəki dərəcəsində yarışan Sadiq Musayev isə dördüncü yeri tutub.

Çempionatda soft təchizatla benç-press hərəkəti üzrə çıxış edən Azərbaycan idmançıları da yüksək nəticələr göstərərək üç dünya rekorduna imza atıblar.

Belə ki, Masters yaş qrupunda 140 kq çəki dərəcəsində çıxış edən Famil Məhərrəmov 280 kq nəticə ilə birinci yeri tutub.

Yeniyetmələr arasında 110 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Məhərrəmov 180 kq nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Open yaş qrupunda 82,5 kq çəki dərəcəsində çıxış edən Aqşin İsmayılov isə 280 kq nəticə göstərərək qalib olub. Hər üç idmançı öz kateqoriyasında yeni dünya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, yarışda 100 kq çəki dərəcəsində çıxış edən Zaur Abbasov sifariş etdiyi çəkini qaldıra bilmədiyindən medal qazana bilməyib.







Offside