- Offside
- 00:06 29.10.2026
Dünya reytinqinin 12-ci pilləsində qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç İsveçrənin Bazel şəhərində keçirilən ATP-500 turnirinin ikinci mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Cokoviç ilk görüşündə dünya reytinqində 38-ci yerdə olan fransalı Uqo Umberə qalib gəlib. Qarşılaşma serbiyalı tennisçinin 4:6, 6:3, 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Tennisçilər kortda 2 saat 29 dəqiqə mübarizə aparıblar. Cokoviç doqquz eysə imza atıb, üç dəfə qoşa səhvə yol verib və səkkiz breyk imkanından ikisini reallaşdırıb. Umber isə 12 eys vurub, üç qoşa səhv edib və altı breyk imkanından yalnız birindən yararlanıb.
Cokoviç növbəti mərhələdə almaniyalı tennisçi Yan-Lennard Ştruffla qarşılaşacaq.
Qeyd edək ki, Bazel turniri oktyabrın 26-dan noyabrın 1-dək keçirilir. Yarışın hazırkı çempionu braziliyalı Joao Fonsekadır.