30 oktyabr 2026. Cümə

“Oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik”


  • Offside
  • 10:57 29.10.2026
  • Oxunma sayı: 56
 “Oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik”

“Araz-Naxçıvan” futzal komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununda məğlub olmasında təcrübə çatışmazlığı həlledici amillərdən biri olub.

90deqiqe.Az-ın məlumatına görə, komandanın üzvü Fərid Ələkbərov Bosniya və Herseqovinanın “Buba Mara” kollektivinə 3:5 hesabı ilə uduzduqları qarşılaşma barədə fikirlərini bölüşüb.

“Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə I turda “Piast”la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodları yaratmaq baxımından komandamız yaxşı təsir bağışlayırdı”, – deyə mütəxəssis bildirib.

Fərid Ələkbərov hesab 2:2 olarkən boş qapıya qol vura bilməmələrinin nəticəyə təsir etdiyini vurğulayıb.

“Bunu bacarsaydıq, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupdakı rəqiblərin heç biri zəif, asanlıqla məğlub ediləcək komanda deyil. Hamısının oturuşmuş heyəti var və əksəriyyəti illərdir eyni komandada çıxış edir.

Bir gün əvvəl məğlub etdiyimiz “Uypeşt” meydan sahibi və qrupun əsas favoriti hesab edilən “Piast”la heç-heçə edib. Qrup liderinin kimliyi son turun oyunlarından sonra bəlli olacaq. Hazırda elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər.

“Araz-Naxçıvan” bu ildən sırf yerli futzalçılardan – milli komandanın üzvlərindən formalaşdırılıb. Açığı, onların belə mübarizə aparacağını gözləmirdim. Futbolçularımız məni yaxşı mənada təəccübləndirdilər”, – deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” V qrupunda ilk oyununda Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib. Təmsilçimiz son matçını oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Offside