30 oktyabr 2026. Cümə

“Çalışacağıq ki, 1/8 finala yüksələn komanda “Araz-Naxçıvan” olsun”


  • Offside
  • 12:54 29.10.2026
  • Oxunma sayı: 47
“Çalışacağıq ki, 1/8 finala yüksələn komanda “Araz-Naxçıvan” olsun”

UEFA Çempionlar Liqasının əsas mərhələsində Macarıstanın “Uypeşt” komandasına qarşı oyunda het-trik edən, Bosniya və Herseqovinanın “Buba Mara” kollektivinə qarşı isə bir qol vuran “Araz-Naxçıvan”ın futzalçısı Oktay Rüstəmli fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, futzalçı azfutzal.az-a açıqlamasında “Uypeşt”lə görüşün maraqlı və gərgin keçdiyini, “Buba Mara” ilə qarşılaşmada isə daha çox qol epizodu yaratmalarına baxmayaraq, məğlub olduqlarını bildirib.

“Uypeşt”lə oyun kifayət qədər maraqlı keçdi. Həm atmosfer, həm də komandaların nümayiş etdirdiyi oyun baxımından bunu deyirəm. Üstün tərəf biz idik, yaratdığımız qol epizodlarının da əksəriyyətini reallaşdırdıq və yekunda qələbə qazandıq. Hesab da göstərir ki, Macarıstan çempionu ilə görüşümüz kifayət qədər çətin və gərgin keçdi.

Həmin matçda het-trik etdim. UEFA bayrağı altında keçirilən oyunda bunu bacarmağı hər bir futzalçıya arzulayıram. Düzdür, vacib olan komandanın uğur qazanmasıdır. Vurduğum qollar da buna nail olmağımıza çox kömək etdi. Het-triki komanda yoldaşım etsəydi, özüm qədər sevinərdim.

“Buba Mara”ya məğlubiyyətə gəldikdə, “Uypeşt”lə matçdakından daha çox qol epizodu yaratmışdıq. Təəssüf ki, cəmi üçündən yararlana bildik. Halbuki daha çox qol vurmalı idik. Rəqib bizdən üstün deyildi, sadəcə, onlar imkanlarından düzgün yararlandılar. Qol vursam da, qələbə qazana bilmədiyimizə görə məyus oldum.

Şanslarımız davam edir. Turnir cədvəlinə baxsaq, hər bir komandanın lider olmaq imkanının qaldığını görərik. Son turun oyunları bu baxımdan gərgin keçəcək. Təbii ki, çalışacağıq ki, 1/8 finala yüksələn komanda “Araz-Naxçıvan” olsun”, – deyə Oktay Rüstəmli bildirib.







Offside