- Offside
- 20:53 30.10.2026
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri Milli Antidopinq Təşkilatları İnstitutu tərəfindən təşkil olunan “Fəaliyyətin keyfiyyəti və innovasiya” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər.
AMADA-dan 90deqiqe.Az-a verilən məlumata görə, tədbir “Antidopinqin gələcəyi üçün rəhbər prinsiplər” silsiləsi çərçivəsində keçirilib.
Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə vebinarda “Antidopinqdə innovasiya: Təmiz idman nailiyyətləri üçün təhsil və süni intellektdən məsuliyyətli istifadə” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat antidopinq təhsilində innovativ yanaşmalara, idmançıların potensialının inkişafına və süni intellekt texnologiyalarının məsuliyyətli tətbiqinə həsr olunub. Təhminə Tağı-zadə ənənəvi, əsasən qadağalar və qayda pozuntularının nəticələri barədə məlumatlandırmaya əsaslanan təhsil modellərindən daha kompleks yanaşmaya keçidin vacibliyini vurğulayıb. Bildirilib ki, əsas məqsəd təmiz idman mədəniyyətini formalaşdırmaq və qadağan olunmuş maddə və üsullardan istifadə etmədən yüksək nəticələr əldə etməkdir.
Təqdimatda CLEAN konsepsiyasına da xüsusi diqqət yetirilib. Konsepsiya idmançıların fərdi qiymətləndirilməsi, məşq yüklərinin rasional idarə olunması, orqanizmin enerji və zəruri resurslarla elmi əsaslandırılmış təminatı, bərpa və adaptasiya prosesləri, həmçinin psixoloji hazırlıq və antidopinq savadlılığının artırılması kimi beş əsas istiqaməti əhatə edir.
Tədbirdə süni intellektin antidopinq təhsilinin fərdiləşdirilməsində yaratdığı imkanlar da müzakirə olunub. İdmançıların yaşı, idman növü və tədris dili nəzərə alınmaqla fərdi təhsil proqramlarının hazırlanması perspektivləri diqqətə çatdırılıb.
AMADA-nın icraçı direktoru yeni texnologiyaların tətbiqi zamanı şəxsi məlumatların məxfiliyinin qorunmasının, alqoritmlərin şəffaflığının və süni intellekt vasitəsilə dəstəklənən qərarlar üzərində insan nəzarətinin saxlanılmasının vacibliyini qeyd edib.
Beynəlxalq vebinarın moderatoru AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev olub. O, antidopinq fəaliyyətində keyfiyyətin yalnız təşkilati proseslərin səmərəliliyi ilə deyil, həm də idmançılar üçün praktik əhəmiyyəti, təhsil resurslarının əlçatanlığı və təşkilatların texnoloji dəyişikliklərə uyğunlaşma imkanları ilə ölçülməli olduğunu bildirib.
Qeyd edək ki, vebinarda ABŞ-ın USADA, Böyük Britaniyanın UKAD, Koreya Respublikasının KADA və Şərqi Timorun antidopinq təşkilatlarının, eləcə də İsveçrənin “Berlinger” şirkətinin nümayəndələri iştirak ediblər. İştirakçılar antidopinq fəaliyyətinin elmi təminatı, məlumatların təhlili, institusional inkişaf, keyfiyyətin təmin edilməsi və texnoloji innovasiyalar sahəsində təcrübələrini bölüşüblər.