- Offside
- 20:53 30.10.2026
Noyabrın 1-də Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi “Qələbə qaçışı” keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış bu il də “Qürurla irəli” şüarı altında təşkil olunacaq.
Altıncı dəfə keçiriləcək “Qələbə qaçışı” bu il rekord sayda iştirakçını bir araya gətirəcək. Qeydiyyat nəticələrinə əsasən, yarışda 2000-ə yaxın şəxsin iştirakı gözlənilir.
Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat məbləğində ianə edib. Toplanan vəsaitin hamısı “YAŞAT” Fonduna köçürüləcək.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər. Yarış saat 10:00-da başlayacaq. Finiş xəttinə ilk çatan iştirakçılar mükafatlandırılacaqlar.
Qaçışdan sonra iştirakçılar və qonaqlar üçün konsert proqramı təşkil olunacaq. Proqram çərçivəsində Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.
Bununla yanaşı, oktyabrın 31-də saat 11:00-dan 19:00-dək, noyabrın 1-də isə saat 09:00-dan 18:00-dək fan-zona fəaliyyət göstərəcək. Burada müxtəlif yaş qrupları üçün idman proqramları, əyləncəli oyunlar və maraqlı fəaliyyətlər təşkil olunacaq.
Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.