30 oktyabr 2026. Cümə

Dakar-2026: Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq


  • Offside
  • 18:14 30.10.2026
  • Oxunma sayı: 45
Dakar-2026: Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda keçiriləcək.

Milli Olimpiya Komitəsindən (MOK) 90deqiqe.Az-a verilən məlumata görə, futbol üzrə Seneqal millisinin ev oyunlarını keçirdiyi “Abdulaye Vade” stadionunda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Oktyabrın 31-dən noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan yeniyetmə idmançılar 25 idman növü üzrə mübarizə aparacaqlar. Afrika qitəsində ilk dəfə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil ediləcək.

Açılış mərasimində Azərbaycan komandasının bayraqdarları üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova olacaqlar. Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.

Azərbaycan idmançıları Dakar-2026-da aşağıdakı idman növləri üzrə çıxış edəcəklər:

  • Çimərlik güləşi: Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq), Nihad Süleymanlı (80 kq);

  • Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova;

  • Taekvondo: Zəhra İsayeva (44 kq), Adil Kazımlı (73 kq);

  • Boks: Gülər Hüseynova (51 kq);

  • Qılıncoynatma: Abbas Hüseynov;

  • Şose velosipedi: Nihad Xudoyev;

  • Cüdo: İbrahim Talıbov (55 kq);

  • Atletika: Daniil Şuvayev.

Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında təşkil olunur. Yarışların ilk dəfə Afrika qitəsində keçirilməsi qitənin Olimpiya Hərəkatında iştirakının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.







Offside