- Offside
- 20:53 30.10.2026
Azərbaycan millisinin üzvü Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində bürünc medala sahib çıxıb.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıl olaraq Rumıniya təmsilçisi Lusian Borş Dumitreskuya, Belçika cüdoçusu Əbdül Malik Umayevə və Kosovo təmsilçisi Akil Qyakovaya qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzodaya məğlub olan Heydərov üçüncü yer uğrunda görüşdə Böyük Britaniya idmançısı İrakli Qoqinaşvilini üstələyərək bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan millisinin Əbu-Dabi turnirində qazandığı medalların sayı dördə çatıb. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal qazanıblar.